44 il bir qəzeti redaktə etmiş adam - Salis Məmmədov

Salis Məmmədsani oğlu Məmmədov 1932-ci il iyul ayının 1-də Nuxa şəhərində anadan olmuşdur. 15 yaşında, 06.02.1948-ci il tarixdə, Nuxa radio məlumatları redaksiyasına məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 23.12.1951-ci il tarixə qədər, Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 25.071952-ci il tarixdən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 01.04.1962-ci il tarixdən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qiyabi təhsil almağa başlamış və 1965-ci ildə bu təhsil ocağının diplomuna yiyələnmişdir. (Yeri gəlmişkən, tələbəlik illərində o, Baxtiyar Vahabzadənin "Gülüstan" poemasının "Nuxa fəhləsi" qəzetində nəşr etdirməklə, o dövr üçün kifayət qədər böyük və indi də xatırlanan bir qalmaqal yaratdı, baxmayaraq ki bu məsələdə onun adı indiyədək heç vaxt hallanmayıb. Salis Məmmədov özü bu baradə belə deyirdi: "Jurnalistika fakültəsində qiyabi təhsil alarkən, Bakıda Baxtiyar Vahabzadə ilə tez-tez görüşürdüm. Bir dəfə o, mənə "Gülüstan" poemasının əlyazmasını verdi. Mən də Şəkiyə qayıdanda onu redaktor Məhyəddin Abbasova təqdim etdim və poema nəşr olundu. Növbəti dəfə Bakıya gedəndə özümlə "Gülüstan" poeması nəşr olunmuş xeyli "Nuxa fəhləsi" qəzeti apardım və onları yaymağa başladım. Sonra Baxtıyar müəllim məndən xahiş etdi ki, həmin nömrəni yaymağı dayandırım, belə ki buna görə onu incidirlər. Amma daha gec idi...".)

 Soldan; ayaq üstə: Salis Məmmədov, Nizami Nəbiyev;

oturan yerdə: Baxtiyar Vahabzadə, Əbdürrəhman Əbdürəhmanov... Foto: M. Salis; 1960, Nuxa. 

     03.04.1965-ci il tarixdə Salis Məmmədov Nuxa şəhər partiya Komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatında çıxan "İpəkçi" qəzetinə redaktor təyin edilir. 12.12.1990-cı il tarixdə özbaşına olaraq, bu qəzetin ənənəvi təsisçilərindən və Azərbaycan SSR-də ilk dəfə Sovet mətbuatı üçün ənənəvi "Bütün ölkələrin proleterları birləşin!" şüarından imtina edən Salis Məmmədov, onu "Şəki ipəkçilərinin açıq tribunası" elan edir. O, vəfatına qədər - 29.01.2009-cu il tariuxədək, düz 44 il həmin qəzetin redaktoru oldu. Ötən əsrin 90-cı illərinə qədər həm də Azərbaycan Jurnalistlər İttifaqının nəşr etdirdiyi "Müxbir" bulletinin redaksiya heyətinin üzvü olan Salis Məmmədov, 1991-ci ilin 23 oktyabrında Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına layiq görülmüşdür. 1993-cü ildə isə oğlu Aydın Məmmədovla birlikdə regionlar üzrə ilk müstəqil qəzeti -"Şəkinin səsi"ni, təsis etmiş və vəfatına qədər bu qəzetin baş redaktoru olmuşdur. Sovetlər dövründə Lenin Yubiley medalı, Şərəf Nişanı ordeni, Azərbaycan Jurnalistlər İttifaqının Qızıl Qələm mükafatı, müstəqillik illərində, 2005-ci ildə, Tərəqqi medalı ilə təltif edilmişdir. (Yeri gəlmişkən, S. Məmmədov sonuncu medalını istehza ilə "dəmir Tərəqqi medalı" adlandırırmış və təltif eiləndən sonra 3 il ərzində onu qəbul etməkdən imtina etmişdir.) 1993 və 1994-cü ildə, onun redaktor olduğu "İpəkçi" qəzetinin 60 illik yubileyi münasibəti ilə mərhum sabiq prezident Heydər Əliyev şəxsən təbrik məktubu və təbrik teleqiramı göndərmişdir.

    "İpəkçi" qəzeti hələ Sovet dövründə Respublika və İttifaq miqyasında kifayət qədər ad-san qazanmışdır. Qəzetin qaldırdığı məsələlər həm Respublika və həm də İttifaq nazirliklərində müzakirə edilir, hər dəfə də müsbət həll olunurdu. Bəzən isə hansısa bir tənqidi yazıya görə "İpəkçi" ni gecə saatlarında, xəlvəti çap etdirmək lazım gəlirdi.

Həyatının son illərində keçirdiyi ağır xəstəlik, Salis Məmmədovun ictimai-siyasi həyatda iştirakını və jurnalistlik fəalliyyətini heç də zəiflətmədi. Təsəvvür edin, ömrünün yalnız son günlərində, ötən ilin yalnız dekabr ayında, "Şəkinin səsi"nin 4 təşəbbüsü ən yüksək qanunverici orqanlarda müzakirə olunmuşdur! "Şəkinin səsi" Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 20-ci ildönümü münasibəti ilə Azərbaycan hökümətini bu dəhşətli cinayəti, qətli-amı, düz 20 il ört-basdır etməkdə ittiham edirdi və oz oxucularına vəd verirdi ki "3 ay sonra Azərbaycan xalqı adından məhz elə biz özümüz bu iddianı Haaqa Məhkəməsinə təqdim edəcəyik!" İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsini də ilk olaraq tələb edən "Şəkinin səsi" idi. Azərbaycan ziyalılarının yerli telekanalarlara yox, FM tezliyində yayimlanan xarici radiolara qulaq asmasını da ilk olaraq deyən, məhz, "Şəkinin səsi" olmuşdur. Amma "Şəkinin səsi" xarici radiolarin FM tezliyindən çıxarılmasını yox, yerli televiziya verilişlərinin keyfiyyətinin yaxşılaşdırilmasını istəyirdi. 26 Bakı Komissarının - o cümlədən, S.Şaumyanın qəbirinin Bakının mərkəzindən götürülməsi, M. Rəsulzadə, F. X, Xoyski və Azərbaycan Demokratik Respublikası digər liderlərinin qəbrlərinin Vətənə köçürülməsi "Şəkinin səsi"nin ən çox toxunduğu mövzu idi ki, bunlardan birincisi yalnız S. Məmmədovun ölümü ərəfəsində reallaşdı. Ölümündən 1 ay əvvəl Salis Məmmədov, Prezident İlham Əliyevə ünvanladığı məktubda göstərirdi: Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. ...həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli.

    Salis Məmmədov 2009-cu il yanvar ayının 29-da, uzun sürən xəstəlikdən sora vəfat etdi və yanvarın 30-da, 10-15 il öncə çəkilmiş bu şəkildə durduğu yerdən 2 addım arxada, nakam vəfat etmiş qardaşı Xamisin qəbrinin yanında torpağa tapşırıldı. Allah onlara rəhmət eləsin.